Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
"Sual-cavab" bölməsi vasitəsilə siz artıq verilən cavabları 5 ballıq sistemlə qiymətləndirə bilərsiniz. Qiymətləndirmə 2 formada aparılır:
1. “Sual-cavab” bölməsində istənilən suala verilən cavabla tanış olub, həmin cavabı qiymətləndirə bilərsiniz.
2. “Sual-cavab” bölməsinə sual göndərən şəxsin e-mail ünvanına məktub göndərilir və o, sualına verilən cavabı qiymətləndirə bilər.
      
Günel Babazadə Mehman, gunel.babayeva.999@mail.ru, Şəki (19.07.2019) (Oxunub: 23 dəfə, ID: 18881)
Mən Şəki şəhəri vergi orqanında işləmək istəyirəm. Hal hazırda Naxçıvan Dövlət Universitetində qiyabi olaraq Sosial idarəetmə və hüquqşünaslıq oxuyuram. 4-cü kursam. Özümdə indi böyük mütəxəssis kimi işləyirəm. Mən müsabiqəyə qatılıb işə düzələ bilərəmmi indi yoxsa universiteti bitirdikdən sonra müsabiqəyə qatılmalıyam?

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları departamentinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının vergilər nazirinin 24.06.2014-cü il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın 10.2-ci bəndi.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Vüqar Əfəndiyev Sabir, ugur-sv@hotmail.com (19.07.2019) (Oxunub: 25 dəfə, ID: 18880)
Vergi Məcəlləsinin 13.2.33-cu maddəsinə əsasən yüklərin, sərnişinlərin, bağajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azəbaycan Respublikasında yerləşən göndərilmə məntəqəsilə digər dövlətdəki təyinat məntəqəsi arasındaki daşınması beynəlxalq daşıma adlanır. Vergi məcəlləsinin 13.2.16.17-ci maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir Azərbaycan mənbəyindən gəlir sayılır. Eyni zamanda məcəllənin 125.1.4-cu maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın qeyri-rezidentə ödəmələrindən ödəmə mənbəyində 6 % vergi tutulmalıdır. Məcəllənin qeyd edilən maddələrinə əsasən vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən beynəlxalq daşıma sayılmayan, yəni xarici dövlətlərarası daşımalara görə qeyri-rezidentl şəxslərə ödənilən məbləğlərdən ödəmə mənbəyində 6 % vergi tutulmamalıdır. “A” MMC ilə “B” MMC arasında bağlanmış müqavilə şərtlərinə əsasaən “ A” MMC “B” MMC-yə məxsus yükün Ukrayna dövlətində yerləşən məntəqədən Bakıda yerləşən məntəqəyə daşınmasını öz üzərinə göturmuşdur. “A” MMC “B” MMC-yə məxsus yükün ilkin olaraq Ukrayna dövlətinin Odessa limanından gəmi vasıtəsilə Gürcüstan dövlətinin Poti limanına qədər daşınması üçün Ukrayna dövlətində fəaliyyət göstərən qeyri-rezident şəxslə müqavilə bağlamış və qeyd edilən daşınmaya görə həmin qeyri-rezident şəxsə ödəniş etmişdir.Yükün Poti limanından Azərbaycan Respublikasındakı boşaldılma məntəqəsinə daşınması isə Gürcüstan dövlətində fəaliyyət göstərən digər qeyri-rezident şəxslə bağlanmış müqavilə əsasında həyata keçirilmiş və həmin qeyri-rezident şəxsə ödənilən gəlirdən ödəmə mənbəyində 6 % vergi tutulmuşdur. Sual: Vergi məcəlləsinin 13.2.33, 125.1.4 və 13.2.16.17-ci maddələrinə əsasən “A” MMC “B” MMC-yə məxsus yükün ilkin olaraq Ukrayna dövlətinin Odessa limanından gəmi vasıtəsilə Gürcüstan dövlətinin Poti limanına qədər daşınması üçün qeyri-rezident şəxsə ödənilən məbləğdən ödəmə mənbəyində 6 % vergi tutlmalıdırmı?

Bildiririk ki, sorğunuzda qeyd olunan nəqliyyat daşımaları Vergi Məcəlləsinin 13.2.33-cü maddəsində verilən beynəlxalq daşımalar anlayışı ilə əhatə olunmadığını nəzərə alaraq, həmin daşımaları həyata keçirən qeyri-rezidentə ödənilən məbləğdən vergi agenti (rezident müəssisə) tərəfindən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.33-cü, 125.1.5-ci maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mustafa Mustafayev , mustafayev1951@mail.ru (19.07.2019) (Oxunub: 27 dəfə, ID: 18879)
Vergi Məcəlləsinin 66-cı maddəsində yazılıb: Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Bakı şəhərində sahəsi 500 kv metrdən böyük obyektlər, villalar, mehmanxanalar, özəl klinikalar heç yerdə işləməyən yaşı 35 dən az olan adamların adına rəsmiləşdirilmişdir. Lakin belə adamların gəlirlərinə Vergi Məcəlləsinin 66-cı maddəsinə uyğun vergi hesablanmır. Nə üçün?

Bildiririk ki, ticarət, ictimai iaşə, xidmət və digər sahələrdə sahibkarlıq fəaliyyəti göstərən şəxslər əldə etdikləri gəlirlərə görə Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergiyə cəlb olunur, xalis mənfəətdən ödənilən dividendlər isə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Əlavə olaraq bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Vergi orqanı mənbəyi bəlli olan və təsdiqlənmiş məlumatlar əsasında vergidən yayınan şəxslərə qarşı mövcud qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri görə bilər.

Bu baxımdan, qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır və şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Arif Şərifov Anar, asharifov@gmail.com, Bakı (19.07.2019) (Oxunub: 13 dəfə, ID: 18878)
Vergilər orqanlarına, Beynalxalq münasibətlər fakültəsi dövlət imtahanına buraxılır?

Bildiririk ki, Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları departamentinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Sadiq Quliyev Həbib, sadig_guliyev@bk.ru, Bakı (19.07.2019) (Oxunub: 17 dəfə, ID: 18877)
Müəəsisə bitkiçilik məhsulunun gələcəkdə ona təhvil verilməsi şərtilə fermerlərə (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə) həm maliyyə yardımı, həm də aqrotexniki xidmətlər (şum, əkin, malalama, səpin, dərmanlama və s.) xidmətlər göstərir. Bilmək istərdik ki, fermerlərə göstərilən aqrotexniki xidmətlərə görə ƏDV hesablanmalıdır?

Bildiririk ki, ƏDV-dən azad edilən əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunmuşdur. Sorğunuzda qeyd olunan aqrotexniki xidmətlər ƏDV-dən azad edilən əməliyyatlara aid edilmədiyi üçün ümumi qaydada ƏDV-yə cəlb olunur.
ƏDV-nin məqsədləri üçün pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi ƏDV məqsədləri üçün təqdimetmə sayılmadığına görə, maddi yardım ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 159-cu, 164-cü maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Rahib Əliyev Tofiq, rahib_aliyev_86@mail.ru (19.07.2019) (Oxunub: 24 dəfə, ID: 18876)
Salam. Bilmək istəyirəm ki, işdə xəsarətə görə verilən müavinətdən vergi tutulurmu?

Bildiririk ki, peşə xəstəliyi səbəbindən dəymiş zərərin ödənilməsi ilə bağlı işçiyə ödənilmiş və daha sonra ödəniləcək məbləğlər dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri hesab olunduğundan gəlir vergisindən azaddır.


Əsas: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci, 102.1.10-cu maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elmar İslam Valeh, elmarchess@mail.ru, Bakı (19.07.2019) (Oxunub: 12 dəfə, Orta qiymət: 5, ID: 18875)
1. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində göstərilmişdir ki, 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlir vergisindən azaddır. Xahiş edirəm bu azadetməni tam açıqlayardız. Yəni maliyyə ilinin sonu üzrə sərbəst mənfəət bölüşdürülərək vəsait dividend şəklində səhmdara ödənilərkən güzəşt tətbiq oluna bilər?
2. Mümkünsə aşağıdakı sualı cavablandırardız: Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış Qapalı Səhmdar Cəmiyyəti hesabat ilinin yekunları üzrə öz sərbəst mənfəətini bölüşdürərək səhmdarlara ödəmək qərarına gəlir. Cəmiyyətin səhmdarları hüquqi və fiziki şəxslərdir. Vergi Məcəlləsinin bu günə qüvvədə olan müddəalarına əsasən ödəniləcək dividend məbləğlərindən ödəmə mənbəyində tutulacaq verginin dərəcələri və vergi güzəşti olduğu təqdirdə güzəşt tətbiq ediləcək hissə (məbləğ, faiz) barədə məlumat verməyinizi xahiş edirəm.

Cavab 1-2. Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur. Hüquqi şəxslərə ödənilən dividend məbləği isə ümumi qaydada ödəmə mənbəyində vergiyə cəlb olunur.

Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci102.1.22-ci102.1.22-1-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Kərimov Ramil Əbülfəz, niji2010@mail.ru, Gəncə (19.07.2019) (Oxunub: 18 dəfə, ID: 18874)
Sadələşdirilmiş vergi ödəyicisi kimi ay ərzində maksimum hansı məbləğdə mal ala bilərəm? Vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 ay ərzində 200.000 manatı keçmirsə, belə olan halda məsələn bir dəfəyə bir ay ərzində 25000 manatlıq mal ala bilərəmmi?

Bildiriririk ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilərlər.
Sadələşdirilmiş verginin vergitutma obyekti təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmidir.

Qeyd olunanlara əsasən, sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ay ərzində alınan mallara görə hər hansı hədd müəyyən edilməmişdir.

Əlavə olaraq məlumat üçün bildiririk ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 218-ci, 219-cu maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Təranə Baloğlanova, isayevatarana@mail.ru (19.07.2019) (Oxunub: 14 dəfə, ID: 18873)
Salam. Vergilər məcəlləsinin 165.5. maddəsində qeyd olunan fiziki şəxslər tərəfindən alınmış mallara görə ödənilmiş ƏDV-nin 15% qaytarılması qaydasın hardan tapa bilərəm?

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Buna əsasən qeyd olunan qaydalar təsdiq edildikdən sonra pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV məbləğinin qaytarılması həyata keçirilə bilər. Sorğunuzda qeyd olunan suallar ƏDV-nin qaytarılması barədə müvafiq qaydalara əsasən tənzimlənəcək.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi, "Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Nazirlət Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məmməd Cəfərov Vahid, Mingəçevir (19.07.2019) (Oxunub: 8 dəfə, ID: 18872)
Salam. Xahiş edirəm işə qəbul imtahanı nə vaxt olacaq təxmini hansı ay olacaq bu il üçün nəzərdə tutulubmu?

Bildiririk ki, təkrar məzmunlu müraciətiniz tərəfimizdən cavablandırılmışdır (06.07.2019, ID: 18820).

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əliyev Həsən Yusif, malik5556@mail.ru, Bakı (19.07.2019) (Oxunub: 12 dəfə, ID: 18871)
Salam. Müəssisə fəaliyyətin dayandırıb. Mikro sahibkardı. Mikro sahibkarların mənfəət vergisinin 75% azaldılır. Mənfəət vergisi bəyannaməsi təqdim edərkən mikro sahibkar olduğu seçilir bəyannamədə amma vergi məbləği azaldılmır. Xahiş edirəm köməklik edin necə etmək lazımdır, bəyannamədə harada qeyd edmək lazımdır ki, azalma olsun . Öncədən təşəkkür.

Bildiririk ki, "Mənfəət vergisiin bəyannaməsi”ni təqdim edən vergi ödəyiciləri tərəfindən Vergi Məcəlləsinin 106-cı maddəsinə əsasən azadolmalar və güzəştlər ilə bağlı zəruri göstəricilər əks etdirilməklə Mənfəət vergisinin 5 ¹– Əlavəsi tərtib olunmalıdır.

Əlavənin “Mənfəət üzrə azadolmalar və güzəştlər barədə məlumat” adlı 2-ci hissəsində vergi ödəyicisinin mənfəət vergisindən azad olunan və cəmi məbləği “Mənfəət vergisinin bəyannaməsi”nin 238-ci sətrində əks etdirilən mənfəət məbləğlərinin açıqlaması qeyd olunur.

Mənfəət vergisinin bəyannaməsinin, o cümlədən 5 ¹– Əlavəsinin doldurulması qaydaları saytımızın Bəyannamələr bölməsində yerləşdirilmişdir.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İntiqam Abid Əliheydər, intiqamabid@yahoo.com (19.07.2019) (Oxunub: 6 dəfə, ID: 18870)
Təsisçisi fiziki şəxs olan MMC (qeyd edim ki, cəmiyyət ƏDV ödəyicisidir) 2018-ci ilin noyabr ayında təşkilati hüquqi formasını dəyişdirərək QSC-yə çevrilmişdir. Vergi Məcəlləsinin 102.1.22. maddəsinə əsasən emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdir.Sualım belədir ki, 2018-ci ilin yekunlarına görə cəmiyyətin xalis mənfəətindən fiziki şəxs olan səhmdarına ödənilən dividend vergidən azaddırmı?

Bildiririk ki, eyniməzmunlu müraciətiniz səhiməmizdə cavablandırılmışdır (15.07.2019, ID: 18844).

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Nəhmədov Bəxtiyar Əliyaroviç, baxxyn@gmail.com, Bakı (19.07.2019) (Oxunub: 8 dəfə, ID: 18869)
Salam. Sualım 198.1 Vergi məcəlləsinə görə olacaq. Çıxarışa görə evim 78 kv/m-dir (yaşayış sahəsi 38 kv/m). Onun daxilinə 6 kv/m balkon/eyvan daxildir. Bu (26.02.2019, ID: 18070) sualın cavabından çıxır ki, əmlak vergisinə balkon/eyvan daxil deyil. Əmlak vergisinə görə mənə illik 18.24 AZN hesablamışdılar, o qiymət 78kv-30kv=48kv*0.4*0.95=18.24 AZN belə alınır. Lakin balkon çıxılsa 78kv-30kv-6kv=42kv*0.4*0.95=15,96 AZN Təşkil edir. Mən düzün sayıramsa tələb eləyə bilərəm ki, Bələdiyyə qəbzi dəyişsin?

Bildiririk ki, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.

Sorğunuzda qeyd olunan halda, balkonun (eyvanın) sahəsi əmlak vergisinə cəlb olunmur. Ödəməli olduğunuz əmlak vergisinin məbləği barədə müvafiq ərazinin bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci, 198.1.1-ci və Mənzil Məcəlləsinin 12.2-ci, 12.5-ci maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ziya Ramazanov İlqar, ziya86ramazanov@yahoo.com, Bakı (19.07.2019) (Oxunub: 11 dəfə, ID: 18868)
Təsisçilərdən birinin hüquqi şəxsin nizamnamə kapitalında payı 20%-dən az olduğu halda onlar qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər? Qarşılıqlı surətdə asılı hesab edilmirlərsə təsisçi ilə hüquqi şəxs arasında faizsiz borc müqaviləsi üzrə realda olmayan faizdən yenə də ödəmə mənbəyində vergi hesablanılır? Ümumiyyətlə qarşılıqlı surətdə asılı olan və olmayan şəxslər arasında faizsiz borc müqaviləsi üzrə faizdən ödəmə mənbəyində vergi hesablanır? Xahiş edirəm qeyd etdiyim hər bir sualıma ətraflı cavab verəsiniz. Təşəkkürlər.

Bildiririk ki, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur.

Eyni zamanda qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü123.1-ci maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ramil Xanəliyev Əfsər, Bakı (19.07.2019) (Oxunub: 12 dəfə, ID: 18867)
Salam. Müraciətim geri qayıtmaqla bağlıdır. 2019-cu ilin 4-cü ayından 6-cı ayına kimi gedib gəlirəm, mənim pulumu qaytarmırlar. Mən hara, necə müraciət edim?

Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödənilmiş vəsaitin geri qaytarılaraq vergi borcuna aid edilməsi üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Ödənilmiş sosial sığorta haqlarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda bu zaman vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı ödənilmiş vəsaitin vergi orqanının hesabına ötürülməsi üçün Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına müraciət etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 87.4-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Gülnar Əyyubova Nəsrulla, gulya.eyyubova@mail.ru (19.07.2019) (Oxunub: 11 dəfə, Orta qiymət: 5, ID: 18866)
Salam. 01.01.2019 cu il tarixindən etibarən Vergi Məcəlləsinin 190.3. maddəsinə əsasən Azərbaycan Respublikasında istehsal olunan energetik (alkoqollu və alkoqolsuz) içkilərə , yəni alkoqollu energetik içkilər - hər litrinə 2,0 manat, alkoqolsuz energetik içkilər - hər litrinə 3,0 manat aksiz dərəcələri tətbiq edilir. Bilmək itəyirik ki, 2018 ci ilin müvafiq dövrlərində istehsal olunan energetik içkilər 2019-cu ildə satıldıqda qeyd olunan aksiz dərəcələri tətbiq olunmalıdır?

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilən aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması, idxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması aksiz vergisinin vegitutma obyektini təşkil edir. 1 yanvar 2019-cu il tarixinədək istehsal binasından kənara buraxıldığı halda alkoqollu və alkoqolsuz energetik içkilər aksiz vergisinə cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 184-cü, 186-cı maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əhməd İbrahimov, ahmed.vahaboglu@gmail.com, Zaqatala (19.07.2019) (Oxunub: 10 dəfə, ID: 18865)
Vergi məcəlləsinə görə cari gəlir vergisi ödəməsi arayışı artan yekunla doldurulmalıdır. Amma realda e-taxes.gov.az saytında artan yekunla doldurulmuş 2 -ci rüb arayışındakı məbləğ şəxsi hesab vərəqəsinə əks olunur. Yəni 1-cü rübdəki bəyan olunmuş vergi məbləğini azaltmadan qeyd olunub. Bu niyə belədir? Onda artyan yekunla doldurulmalı deyil arayış.

Bildiririk ki, cari vergi ödəmələri artan yekunla hesablanır, yəni hər rüb üzrə hesablanan cari vergi məbləğindən əvvəlki rüblərdə ödənilmiş cari vergi məbləğləri çıxılır.

Arayışın göndərilməsi zamanı üzləşdiyiniz texniki problemlərlə bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ucal Həsənzadə, ucal.hesenzade@gmail.com, Göygöl (17.07.2019) (Oxunub: 66 dəfə, Orta qiymət: 3.67, ID: 18864)
Göygöl rayonu Toğanalı kəndindəki mağazalar 20 qəpiklik təraşı Azərbaycan əsgərinə 80 qəpiyə satırlar. Öz istədikləri qiyməti qoyurlar, kassa aparatları yoxdur, 2 manatlıq siqaret 2.80 qəpikdir. Xahiş edirəm, yoxlama açdırıb araşdırıb bu problemləri aradan qaldırasız. Kimliyi anonim saxlayın, zəhmət olmasa.

Bildiririk ki, malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür.

Qeyd olunları və istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, istehlak mallarının (işlərinin, xidmətlərinin) keyfiyyətinin təmin olunması sahəsində dövlət siyasətini aidiyyəti dövlət orqanları ilə birlikdə hazırlamasını, istehlakçıların hüquqlarının qorunmasını, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən qurum İqtisadiyyat Nazirliyi olduğunu nəzərə alaraq istehlakçı kimi hüquqlarınız pozulduğu hallarda aidiyyəti üzrə müraciət eməyiniz tövsiyə olunur.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respulikasının 19.09.1995-ci il tarixli, 1113 nömrəli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu, Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməsi”nin 2.0.8-ci və 3.0.46-cı bəndləri.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 3.67

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Cəmil Əsədov, asadovcamil@gmail.com, Zərdab (17.07.2019) (Oxunub: 36 dəfə, Orta qiymət: 5, ID: 18863)
Salam. Təhsil müəssisəsində həm dövlət tərəfindən maliyyələşən qruplarda, həm də ödənişli qruplarda dərs deyən müəllimin əmək haqqından vergi nece hesablanmalıdır?

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

 “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Yuxarıda qeyd olunduğu kimi, meyarlar işçilərə deyil işəgötürənə münasibətdə ayırd edilir və işəgötürən (sorğunuzda təhsil müəssisəsi) dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşdirilmədiyi halda bütün işçilərin gəlir vergisi güzəştli dərəcə ilə hesablanır. İişəgötürən (sorğunuzda təhsil müəssisəsi) dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşidirildiyi halda isə işçilərin gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Abbasov Rövşən Aydın, abbasovrovshan2780@gmail.com, Oğuz (17.07.2019) (Oxunub: 33 dəfə, Orta qiymət: 4.5, ID: 18862)
Salam. Xahiş edirəm mənim suallarımı ətraflı cavablandırasınız. 1. Mən Oğuz şəhərində sahibkarlıq fəaliyyətinə ilk dəfə başlamaq üçün nə etməliyəm? Və mağaza açsam ilk günlərdən mənə vergi necə və hansı məbləğdə təyin olunacaq? İlk dəfə sahibkarlıq fəaliyyətilə məşğul olamağa başlayan fiziki şəxs üçün hansı güzəştlər və bilgi məlumatlandırma baxımından hansı köməkliklər olunur? 2. Mən fiziki şəxs olaraq vöeni necə ala bilərəm və vöeni alan kimi sahibkarlıq fəaliyyətinə başlaya bilərəmmi? 3. Asan imza mobil nömrəsi almaq mütləqdirmi və onu almaq proseduru necədir? 4. Fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlamaq üçün və 1-2 nəfərdə işçi götürmək üçün nə etməliyəm? Sağolun!

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergilər Nazirliyinin Asan Sertifikat Xidmət Mərləzləri tərəfindən verilən Asan İmza sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini təmin edən gücləndirilmiş elektron imzanın bir növüdür.

“ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Gücləndirilmiş elektron imzanın vacibliyi ilə bağlı isə bildiririk ki, 2018-ci ilin yanvar ayının 1-dən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Elektron qaimə fakturanın təqdim edilməsi üçün, əmək müqavilələrinin rəsmiləşdirilməsi üçün gücləndirilmiş elektron imzanın (o cümlədən Asan İmzanın) olması zəruridir.

Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sadələşdirilmiş vergi ödəyicisi olduqda əldə olunan gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi ödəməlisiniz. Göründüyü kimi sadələşdirilmiş verginin dərəcəsi güzəştli xarakter daşıdığı üçün əlavə vergi güzəştləri nəzərdə tutulmamışdır.

Gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərdiyiniz halda isə gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz və bu halda, bir sıra vergi güzəştləri nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 33-cü 34-cü maddələri, VIII, IX, XI, XVII fəsilləri, Vergilər nazirinin 29 fevral 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 4.5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Telman Əzməmmədov Qurban, Şamaxı (17.07.2019) (Oxunub: 35 dəfə, Orta qiymət: 4.5, ID: 18861)
Salam mənim telefonuma belə bir mesaj gəlib başa düşmürəm nə deməkdir (sizin VÖEN 8400961152 internet vergi idarəsində olan elektron qutunuzda 1 ədəd oxunulmamış sənədiniz vardır) tapa bilmədim ki, bu nə sənəddir.

Bildiririk ki, vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamış hər bir vergi ödəyicisi üçün İnternet Vergi İdarəsində fərdi elektron qutu yaradılır. Elektron qutusu olan vergi ödəyicilərinə sənədlər (bildirişlər, xəbərdarlıqlar, məlumatlar, uyğunsuzluq məktubları və s.) onların fərdi elektron qutusuna göndərilir.  Vergi orqanından göndərilən hər hansı sənədin yalnız kağız daşıyıcısında göndərilməsi tələb olunduğu hallar istisna olmaqla, digər hallarda fərdi elektron qutusu olan şəxslərlə yazışmalar elektron formada aparılır. Qeyd edək ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən istənilən sənəd rəsmi statusa malikdir.

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunulmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 4.5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elnur Mirzaxanov İlqar, elnur-mirzexanov1980@mail.ru, Sabirabad (17.07.2019) (Oxunub: 37 dəfə, Orta qiymət: 4.5, ID: 18860)
Salam. VÖEN-i olan fiziki şəxs bir il ərzində rayon Statistika idarəsi ilə xidməti müqavilə bağlayıb hər rüb (rübdə bir dəfə olmaqla) Statistik müayinə apararaq 291 manat gəlir əldə edirsə, bunun asan imza açdırması (elelektron qaimə üçün) mütləqdirmi? Qanunvericilikdə bu necə tənzimlənir? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Bildiririk ki, Vergi Məcəlləsinin 71-1.1- ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnuz olmadığından1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Bax: Vergi Məcəlləsinin 71-1.1-ci, <102.1.30-cu, 218.5.10-cu maddələri.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 4.5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əkbərov Rəfael Mənsur, rafael.akberov@yahoo.com (17.07.2019) (Oxunub: 36 dəfə, ID: 18859)
Salam. Sualım belədir: Mühasib işləyən şəxs dividend verir. Dividend alacaq şəxsi təmsil edən vətəndaş etibarnamə ilə dividendi almaq üçün mühasibatlığa müraciət edir. Dividendi alacaq şəxsin harada olması məlum deyil. Bu halda dividendi verməli olan mühasib etibarnamə ilə yaxınlaşan təmsilçidən dividend sahibinin şəxsiyyət vəsiqəsinin surətini tələb etməlidirmi?

Sorğunuzda qeyd olunan halın vergi qanunvericiliyi ilə tənzimlənmədiyini nəzərə alaraq, mühasibat uçotunun təşkili və aparılması sahələrində tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Kərimov Vüqar Kərim, vugar.kerimov@afb.az, Bakı (17.07.2019) (Oxunub: 28 dəfə, Orta qiymət: 5, ID: 18858)
Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezidentin göstərdiyi təhsil xidmətlərinə, o cümlədən bu təhsillə bağlı sığorta xidmətlərinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən elektron ödənişlər aparılarkən vergi tutulmalıdırmı?

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə xidmətlərin faktiki göstərildiyi yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Sorğunuzda qeyd olunan təhsil xidməti, Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi halda ƏDV-nin vergitutma obyektini yaratmır, bir şərtlə ki, rezident fiziki şəxs virtual (onlayn qaydada skype və s. bu kimi proqramlar vasitəsi ilə qoşulma yolu ilə) deyil, bilvasitə tədbir keçirilən məkanda şəxsən iştirak etmiş olsun.

Maliyyə xidmətləri, o cümlədən sığorta əməlliyatları Vergi Məcəllləsinin 13.2.14.7-ci164.1.2-ci maddələrinə əsasən ƏDV-dən azaddır.

Əsas: Vergi Məcəlləsinin 168.1.3-cü, 169.3-cü maddələri.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ziya Ramazanov İlqar, ziya86ramazanov@yahoo.com, Bakı (17.07.2019) (Oxunub: 33 dəfə, Orta qiymət: 3.67, ID: 18857)
Fəaliyyətini müvəqqəti dayandırmış vergi ödəyicisinin balansında olan əsas vəsaitlər konservasiya edilmiş əsas vəsaitlər hesab edilirsə və bu halda həmin əsas vəsaitlərə amortizasiya hesablanmırsa onlar əsas vəsait kateqoriyasından çıxır. Belə olan halda həmin vəsaitlərin əmlak vergisinə cəlb edilməsi doğrudur?

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri, yəni hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyərlərinin toplanıb ikiyə bölünmüş məbləği əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırılması barədə arayış təqdim edən müəssisə əmlakı olduğu halda, əmlak vergisini hesablamalı və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Eyni zamanda bildiririk ki, müəssisə sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı dövr ərzində balansındakı olan və konservasiya edilməyən əsas vəsaitlərə amortizasiya hesablaya bilər, lakin hesablanmış amortizasiya ayırmaları (xərcləri) növbəti hesabat dövrləri üzrə gəlir əldə olunan zaman gəlirdən çıxılan xərclərə aid edilir.

Vergitutma məqsədləri üçün cari ildə əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları isə onların istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə aid olan hissəsi gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas:  Vergi Məcəlləsinin 16.3-cü, 16.4-cü, 72.2-ci, 108-ci114-cü maddələri, XIII fəsli.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 3.67

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Tahirə Məmmədova, mamedova_60@mail.ru, Bakı (17.07.2019) (Oxunub: 47 dəfə, Orta qiymət: 5, ID: 18856)
Salam, Sədərəkdən alış aktı ilə mal alıb satmaq mümkündürmü? Nəzərə almaq lazımdır ki, qarşı tərəfin çox vaxt vöeni olmur , şəxsiyyət vəsiqəsini qeyd edib belə əməliyyat apara bilərikmi? Qeyd edim ki, biz ƏDV ödəyicisik. Cavabın yuxarıda göstərilən emailə göndərməyinizi xahiş edirəm.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi pərakəndə ticarət və topdansatış ticarət fəaliyyəti sahələrində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarına əsasən vergi ödəyicisi malları vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda “Malların alış aktı” tərtib edilir və və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.

“Malların alış aktı”nın forması (MAA-1) isə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmişdir (http://www.e-qanun.az/framework/36018).

Bununla belə, malların təqdim edilməsi sahibkarlıq fəaliyyəti sayılmaqla həmin malları (vergidən azad edilən mallar istisna olmaqla, məsələn kənd təsərrüfatı məhsulları) təqdim edən şəxs üçün vergi öhdəliyinin yaranmasına səbəb olur.

Bu baxımdan da malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidirlər.

Əlavə olaraq qeyd etmək istərdik ki, “Vergi ödəyiciləri ilə sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 73-cü130-1-ci maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Sahib Məmmədov, smamedov77@mail.ru, Xırdalan (17.07.2019) (Oxunub: 34 dəfə, Orta qiymət: 5, ID: 18855)
Salam. Vergi Məcəlləsində edilən dəyişiklindən sonra 18 %-lik ƏDV-nin nağd ödənişlərdə 10 %-inin, nağdsız ödənişlərdə 15 % -i geri qaytarılmalıdır. Mən bir vətəndaş olaraq bu prosessi necə icra etməliyəm? ƏDV-nin göstərilən faizlərinin geri qaytarılması nə zamandan başlayır? Bankda hesab açmalıyammı?

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Buna əsasən qeyd olunan qaydalar təsdiq edildikdən sonra pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV məbləğinin qaytarılması həyata keçirilə bilər. Sorğunuzda qeyd olunan suallar ƏDV-nin qaytarılması barədə müvafiq qaydalara əsasən tənzimlənəcək.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səfər Səfərəliyev, safar.safaraliyev.76@mail.ru, Sumqayıt (17.07.2019) (Oxunub: 24 dəfə, Orta qiymət: 5, ID: 18854)
Yerli investisiyalı kommersiya hüquqi şəxs qeydiyyatına dair numunəvi nizamnamə surətini necə əldə edə bilərəm?

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin “Bir Pəncərə” bölməsinin –“Qeydiyyat” - “Lazımı sənədlər” alt bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ruslan Hüseynov Bəhruz, ruslan1412@gmail.com (17.07.2019) (Oxunub: 30 dəfə, Orta qiymət: 5, ID: 18853)
Mənim yaşadığım mənzil ipotekadadır və ipoteka ödənişi davam edir. Ancaq bələdiyyədən məktub alırıq ki, əmlak vergisinə görə borcum var. Əgər mən ipoteka borcuna görə bu mənzilin tam hüquqlu sahibi deyiləmsə (satmaq, bağışlamaq və s. hüququm yoxdursa) nə üçün mən əmlak vergisi ödəməliyəm? Xahiş edirəm qanuna uyğun şəkildə bu məsələni izah edəsiniz. Bankdan Bələdiyyəyə ipoteka muqaviləsini aparsam vergidən azad ola bilərərm?

Bildiririk ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

Mülki Məcəllənin 269.2-ci maddəsinə uyğun olaraq girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

Mülki Məcəllənin 138.1-ci maddəsinə əsasən əşyanın yüklülüyü - qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılması deməkdir.

Göründüyü kimi, əşyanın yüklülüyü, o cümlədən də girov və ipoteka hüququ mülkiyyətçinin əşyaya (əmlaka) olan mülkiyyət hüququna xitam verilməsi deyil, yalnız girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında öhdəliyinin icrasının təmin edilməsi üçün həmin hüququn məhdudlaşdırmasıdır.

Məhz bu baxımdan girov qoyulan əmlaka görə onun mülkiyyətçisi əmlak vergisini ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci maddəsi, Mülki Məcəllənin  138.1-ci, 152.1-ci və 269.2-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Rövşən Hüseynov Rahiboğlu, guseinovr@gmail.com, Bakı (17.07.2019) (Oxunub: 29 dəfə, ID: 18852)
Salam. Mən fiziki şəxs qismində qeydiyyatıma (VÖEN) xitam verilməsini istəyirəm. Hansı idarəyə müraciət etməliyəm?

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnaməni (vergi orqanından təhvil götürüldüyü halda onun əslini) şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Eyni zamanda, gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.